Data Analitikası nədir?

Data Analitikası, məlumatların analiz edilməsinə əsaslanan elm sahəsidir. Data Analitikasının əsas məqsədi analizin sonunda müəyyən dəyər qazandıran və ya artıran nəticələrin əldə olunmasıdır. Bu baxımdan, Data Analitikası müəssisələrdə qərar vermə prosesinə birbaşa təsir edərək biznesin effektivliyini artıran və optimallaşdıran sahə olaraq görülür.

Ümumiyyətlə, data analitikası geniş anlayış olmaqla bərabər, müxtəlif analiz vasitələrini və ya məlumat ənbələrini özündə birləşdirə bilər. İstənilən növ məlumat data analitikası üçün mənbə rolunu oynayıb, müxtəlif metodlarla təhlil edilə və nəticə etibarı ilə biznes üçün optimal nəticə qazandıra bilər.

Data analitikası dörd əsas kategoriyada nəzərdən keçirilə bilər:

  • Təsviri Analitika (Descriptive Analytics), mövcud məlumat əsasında göstərilən period ərzində baş verən dəyişiklik və ya hadisələri təsvir edir. Məs., satışların aylar ərzində artım tempi.
  • Diaqnostik Analitika (Diagnostic analytics), daha çox dəyişikliklərlə deyil onların ardında duran səbəblərin analizini əhatə edir. Bu halda daha kompleks təhlil üsullarından, hipotezlərdən və daha müxtəlif məlumat məbələrindən istifadə edilir. Məs., marketinq kampaniyalarının satışlara təsirinin analizi.
  • Proqnozlaşdıran Analitika (Predictive Analytics), mövcud məlumatlar əsasında gələcəkdə hansı dəyişikliklərin baş verəcəyini təhmin edir. Məs., marketinq kapaniyalarında dəyişiklik olmayacağı təqdirdə növbəti aylar ərzində satışların hansı səviyyədə olacağının analizi.
  • Təlimatlandırıcı Analitika (Prescriptive Analytics), mövcud vəziyyətin yaxşılaşdırılması üçün fəaliyyat planı təklif edir. Bu mərhələdə öncəki analitika vasitələrində əldə edilən nəticələrdən istifadə edilir. Məs., satışların artırılması üçün hər hansı marketing kampaniyasının təklif edilməsi.

Göstərilən komponentlərin birləşdirilməsi nəticəsində data analitikası biznesin harda olduğu, hardan gəldiyi və haraya getdiyi barədə məlumat verir.